“Azərbaycanda qədimdən mövcud olmuş tarixi abidələrimiz, maddi-mədəni nümunələrimizin təbliği üçün onların beynəlxalq status qazanmasının böyük əhəmiyyəti vardır. O cümlədən Şəkinin mərkəzi hissəsinin və Xan sarayının UNESKO səviyyəsində status qazanması maddi-mədəni irsimizin qorunması, bu tarixi məkanın təbliği baxımından olduqca önəmlidir”. Bunu hafta.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirib.
Tarixçi alim onu da qeyd edib ki, UNESKO-nun Şəki ilə bağlı qərarı həm də dünyaya bir mesajdır: “UNESKO səviyyəsində təmsil olunan dövlətlər bu abidənin tarixiliyini, onun Azərbaycan mədəniyyətinə məxsusluğu faktını artıq qəbul ediblər. Bu qərar həm də UNESKO səviyyəsində təmsil olunan dövlətlərin, həmin iclasda iştirak edən ölkələrin təmsilçilərinin dünyaya bir mesajıdır. Eyni zamanda, bu şəxslərin timsalında onların xalqları da qəbul olunmuş qərarla bağlı informasiya ilə tanış olur. Digər tərəfdən bu, yalnız beynəlxalq təbliğat üçün yox, həm də həmin maddi-mədəni abidələrin qorunması baxımından məxsus olduğu dövlətin üzərinə də böyük öhdəlik qoyur. Bu, cəmiyyətdə də bu abidələrin qorunmasına məsuliyyət hissini artırır. Bundan başqa, həmin abidələrin beynəlxalq səviyyədə mühafizəsi maddi-mənəvi irsimizin daşıyıcısı kimi xalqımızın bu mədəniyyətə sahibliyinin beynəlxalq səviyyədə təsdiqi deməkdir. Yəni baş verənlərin həm də siyasi anlamı mövcuddur. Çünki bizim ərazimizə və eyni zamanda tarixi irsimizə iddia edən, onu mənimsəməyə çalışan qonşularımız bu sahədə çox möhtəkirlik edirlər. Bu baxımdan bizim qədim abidələrimizin beynəlxalq status alması bu iddiaların qarşısına birdəfəlik sədd çəkmək deməkdir. Nəticə etibarilə bu Azərbaycan dövlətinin tarixi bir uğurudur”.